Tunis yenə qarışdı
“Ərəb baharı”nın başlanğıc ölkəsi Tunisdə etiraz aksiyaları davam edir.

Paytaxt Tunis, Qassarin, əl-Mehdiyə, Qayravan və Qafsa şəhərlərində təşkil edilən etiraz aksiyaları zamanı polislə toqquşmalar baş verib. Küçələrə çıxan əhali bahalaşmaya, sosial-iqtisadi vəziyyətin yaxşılığa doğru dəyişməməsinə etiraz edir. Polis etirazları yatırmaq üçün güc tətbiq edib. Gözyaşardıcı qazdan istifadə olunub. Əl-Qıtar rayonunda isə etirazçıların yerli təhlükəsizlik idarəsi binasına soxularaq qarət etdiyi iddia olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə ölkədə baş verən hadisələrdə 49 təhlükəsizlik işçisi yaralanıb.
Qeyd edək ki, etirazlar Baş nazir Yusuf Şahid və müxalif solçu Xalq Cəbhəsi arasında qarşılıqlı ittihamlara gətirib çıxardı. Baş nazir Şahid iddia edib ki, ölkədə aksiyalar zamanı yaşanan qarət və toqquşmalara korrupsiya şəbəkələri və Xalqçı cebhə səbəb olub. Xalq cebhəsi isə hadisələrə görə hökuməti ittiham edib.