"Bakutel-2018" sərgisi açıldı

"Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi açılıb.

"Bakutel-2018" sərgisi açıldı

Dekabrın 4-də "Baku Ekspo Mərkəzi"ndə "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi açılıb.

Sərginin açılış mərasimində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə "Bakutel" sərgisinin yeni texnologiyaların təqdim edilməsi, IT sahəsində əlaqələrin qurulması və digər yeni imkanların açılması üçün əlverişli şərait yaratdığını bildirib. Nazir qeyd edib ki, son zamanlar yeni texnologiyaların tətbiqi ilə bağlı işlər görülür, Azərbaycan poçtu tranzit poçt kimi fəaliyyət göstərir, Çindən gələn yüklər Azərbaycan poçtu vasitəsilə digər ölkələrə göndərilir.

Gənclərin innovasiya və yüksək texnologiyalara marağından danışan nazir bildirib ki, regionlarda da gənclərin startaplara cəlb edilməsi üçün "ideyadan biznesə" layihələri keçirilir.

“Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stroun bildirib ki, "Bakutel-2018" sərgisində dünyanın 20 ölkəsindən 230 şirkət və 10 milli pavilyon iştirak edir. Sərginin debütantları isə iştirakçıların ümumi sayının 30 faizini təşkil edir. Debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Sistematiks” (Rusiya), “Suntech” (Polşa), “Azmonbat” (Azərbaycan), “BMS Global” (Azərbaycan), “Hostimul” (Azərbaycan), “IPG IRE-Polus” (Rusiya), “Xerrow Technologies” (BƏƏ) və digərləri yer alır.

Qeyd edək ki, dekabrın 7-də başa çatacaq Bakutel-2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir. Baş sponsor isə iyirmi ildən artıq tədbirin əsas iştirakçılarından olan “Azercell” şirkətidir.

Ənənəvi olaraq, sərgini beynəlxalq mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb.

Digər tərəfdən, Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün konsorsium yaratmaq barədə razılığa gəlib. 

Bu barədə "Bakutel-2018" sərgisi çərçivəsində keçirilən nazirlərin dördtərəfli görüşündə bildirilib.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, yaradılacaq konsorsium peyk rabitəsi, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı və digər sahələri əhatə edəcək.

Nazir bildirib ki, Azərbaycan, Türkiyə, Rusiya və İran nazirlərinin dördtərəfli görüşü ilk dəfədir keçirilir və yaxın münasibətlərin formalaşması üçün Azərbaycan tərəfi bütün ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaratmağı təklif edib.

"Bakutel-2018" sərgisi Türkiyənin rabitə və texnologiya sahəsində fəaliyyət göstərən şirkətləri üçün geniş əməkdaşlıq imkanları yaradır.

Bu sözləri sərgidə Türkiyəni təmsil edən nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərgidə iştirak edən Türkiyə şirkətləri hazırladıqları məhsulları, inkişaf etdirdikləri xidmət sahələrini təqdim etmək imkanı əldə ediblər. Həmçinin burada digər şirkətlərlə fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıq imkanları qazanmaq üçün əlverişli şərait mövcuddur.



Әlaqәli Xәbәrlәr