Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.

Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.

Azərtac informasiya agentliyi xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.

Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor əvəzi mahmud Kasımbekov tədbiri açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü məhz Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi, Azərbaycan xalqının taleyi ilə bağlıdır. Dağların hündürlüyü uzaqdan yaxşı görünür, amma görkəmli şəxsiyyətlərin böyüklüyü zaman keçdikcə daha çox anlaşılır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxr etdiyi həmin qeyri-adi liderlərdən biridir. Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi və iqtisadi böhrana məruz qalan Azərbaycan Respublikasını inkişaf yoluna çıxardı. Ölkənin müstəqilliyini dönməz və əbədi etdi. Azərbaycan xalqının Ümummilli Lideri haqqında kitabın qazax dilinə tərcümə edilməsi və məhz elbası Nursultan Nazarbayevin bu kitaba ön söz yazması qardaş xalqlarımız arasında dostluğun əyani təsdiqidir. Ön sözdə ümummilli lider Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verilir, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında bu dahi şəxsiyyətin mühüm rolu qeyd edilir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Ulu Öndər haqqında çox qiymətli bir kitabın qazax dilinə tərcümə edilməsində əməyi olanlara minnətdarlığını bildirərək deyib ki, bu kitab Heydər Əliyevin uşaqlıq illərindən başlamış siyasi Olimpin zirvəsinə qədər keçdiyi yolu izləməyə, həm də bu böyük şəxsiyyətin nə qədər hərtərəfli olduğunu görməyə imkan verir. Bu tarixi-bioqrafik əsər həm də onunla əlamətdardır ki, burada ulu öndər Heydər Əliyevi şəxsən tanıyan dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər bu dahi şəxsiyyətin böyüklüyünü və müdrikliyini xüsusi vurğulayırlar. Bu kitab təkcə beynəlxalq məsələlər üzrə mütəxəssislər üçün deyil, həm də geniş oxucu auditoriyasında maraq doğuracaq. Əsər bu il 95 illik yubileyi qeyd edilən Azərbaycan liderinin zəngin tarixi irsi ilə təmasda olmağa imkan verəcək.

Kitabda ölkə rəhbərlərinin, dünya şöhrətli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin xatirələri ilə yanaşı, bəzi səkillər də ilk dəfə dərc olunub.

Tədbir zamanı Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.

Qazaxıstan mətbuatının nümayəndələrinə müsahibə verən Prezidentin köməkçisi Əli Həsənov tədbirin işıqlandırılmasına görə onlara minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr