Mǝnǝ İslamı Anlat 10/2016

Tale Allahın əzəldən əbədiyyətə qədər hər şeyin harada, nə şəkildə və nə zaman olacağını bilməsi və təqdir etməsinə deyilir.

Mǝnǝ İslamı Anlat 10/2016

 Tale bir şeyi müəyyən ölçüyə görə etmək deməkdir. Dini termin olaraq isə tale Allahın əzəldən əbədiyyətə qədər hər şeyin harada, nə şəkildə və nə zaman olacağını bilməsi və təqdir etməsinə deyilir. Allahın elm və iradəsindən yaranan tale kainatın, kainatdakı bütün varlıq və hadisələrin müəyyən bir nizam və ölçüyə görə təşkil olunan müqəddəs qanunudur.

  Varlıqlar zaman, məkan və forma etibarilə öz seçimiylə deyil, Allahın mütləq iradə və təqdirilə idarə olunur. Bu fikir ayələrdə belə bəyan edilib: "Allah hər şeyi yaradıb və hər birinə müəyyən nizam verərək müqəddəratını təyin edib", “Onun qatında hər şey bir ölçü ilədir".

  Hökm və yaratma mənalarına gələn qəza nə deməkdir? Qəza Uca Allahın əvvəldən təqdir etdiyi, iradəsilə olan hadisələrin zamanı gəlincə həyata keçməsi deməkdir. Qəza Allahın yaradan olmasıyla əlaqədar bir anlayışdır. Varlıqların yaradılmasında iki mərhələ var: birincisi, Allahın yaradılmışlar haqqındakı hökmü və onu təyin etməsi, ikincisi, zaman içində bir hadisənin təqdirə görə yaradılmasıdır.

  İmanın əsaslarından biri də taleyə və qəzaya inanmaqdır. Çünki xeyir və şər, yaxşı və pis, acı və şirin, canlı və cansız, hər şeyin Allahın bilməsi, diləməsi, qüdrəti, təqdiri və yaratması Allahdan başqa yaradanın olmaması deməkdir.

  İslam anlayışına görə, dünyada meydana gəlmiş və gələcək olan hər hadisə Allahın elmi, iradəsi və yaradan olmasıyla əlaqədardır. İnsanların azad iradələriylə seçəcəkləri hadisələrin harada və nə şəkildə seçiləcəyini Uca Allah zamanla məhdud olmayan mütləq elmi ilə bilir, vaxtı gəlincə də qulun seçimi istiqamətində onu yaradır.

  Allahın bir şeyi bilməsinin qulun iradə və seçimi üzərində məcburedici təsiri yoxdur. İnsanlar hərəkətlərini öz iradələrilə edir, buna görə məsuliyyət daşıyırlar. Buna görə insanlar taleyi bəhanə edərək məsuliyyətdən xilas ola bilməzlər.

  Amma insan çox zaman iradəsi xaricində də bir çox hadisələrə məruz qalır. Quranda buyurulur: "Yer üzündə və öz başınıza gələn elə bir müsibət yoxdur ki, bu Kitabda, yəni Quranda (lövhi-məhfuzda) olmamış olsun. Şübhəsiz ki, bu, Allah üçün çox asandır." Başqa bir ayədə də deyilir: "De ki, Allahın bizim üçün yazdığından başqa bizə heç bir hadisə üz verməz". Bu, o deməkdir ki, iradəsi olmadan meydana gələn hadisələrdə insanın heç bir məsuliyyəti yoxdur. Ancaq insan görəcək tədbirlərə görə məsuldur. Səbəblərə sarılmamaq və tədbir görməmək İslamın tale anlayışı ilə uyğun gəlməz. Hz. Peyğəmbər (s.a.v) hadisələr qarşılığında lazımi tədbirlər görmək barədə müsəlmanları məlumatlandırıb.

  İslam alimləri taleyi Allahın sirri olaraq qəbul edir. Çünki zaman və məkanla məhdud olan insan ağlının Allahın sonsuz ilahi elm, iradə və qüdrətini qavrama qabiliyyəti yoxdur. Tale mövzusunu qəti olaraq həll etməyə çalışmaq imkansız bir şeyə sahib olmaq deməkdir. Buna görə Hz. Peyğəmbər (s.a.v) tale mövzusunu müzakirə etməyi səhabələrinə məsləhət görməyib.

  İslam taleyə inanmağı bir inanc əsası sayır. Lakin hərəkət etməməyi, tənbəlliyi də qəbul etmir.

  İslam şüuru “Hər yaxşılıq Allahdan, hər pislik nəfsdən gəlir” fikri üzərində qurulub. Bu səbəbdən taleyə inam və iman müsəlmanlarda məsuliyyət şüurunun inkişafına təsir edir. 

  Taleyə iman kainatda hər şeyin bir nizam, plan və proqram çərçivəsində olduğunu qəbul etmək deməkdir. Bu inanc insanı davamlı olaraq və proqramlı bir şəkildə işə sövq edir, bir məqsəd və hədəfə istiqamətləndirir.

  Taleyə iman insanlara iradə sahibi və azad olduqlarına inandırır. Bu əsas dünyada fikir və düşüncə azadlığının inkişafında əhəmiyyətli rol oynayır.

  Taleyə inam hər şeyin bir hikmət çərçivəsində yaradıldığını və arxasında bir qüdrət əlinin olduğunu öyrədir. Müsəlman hadisələrdə bu hikməti axtarır. Çətinliklər qarşısında ümidsizliyə düşmədiyi kimi qazandığı zaman da qürura qapılmır, yaxşılıqlara vəsilə olmağı Allahın bir təqdiri görür.

  Hər şeyin Allahdan olduğuna iman edən insan Ondan gələn acı və şirin - hər şeyə razı olur. Bu zaman insan həyatın ağır yüklərindən xilas ola və ruhunda bir rahatlıq hiss edə bilir. Buna görə Peyğəmbərimiz (s.a.v) buyurub: "Taleyə iman edən qayğı və üzüntüdən uzaq olar."


Etiketlәr: Tale

Әlaqәli Xәbәrlәr