Melodik alətlərin ən gözəli

Klassik şairlərinin əsərləri, qədim və orta əsr musiqişunaslarının araşdırmaları, rəssamların çəkdikləri miniatürlər milli sərvətimiz olan musiqi alətlərimiz haqqında bizə dəyərli məlumatlar verir.

Melodik alətlərin ən gözəli

Türk Avazı 19/2917

  Bəşəriyyətin yaşı qədər tarixi olan musiqi insanlığın kəşf etdiyi ən əsrarəngiz dəyərlərdəndir. Təbiətlə həmahəng olmaqdır musiqi. Türklər təbiətdəki səsləri izləyərək hər nəsnəylə öz dilində danışmağa çalışıb və bu əsrarəngizlik onun musiqisində də öz əksini tapıb. İnsan ruhunu qidalandırıb, onu ilahi qatına qaldırıb musiqi. Və bu musiqinin səsləndirilməsi üçün hər bir xalq öz ruhuna uygun musiqi aləti kəşf edib. Beləliklə, sirli, sehirli musiqi alətləri yaranıb ki, bunlardan biri səsilə insan qəlbinin tellərini titrədən, sanki ana laylasını xatırladan kamançadır.

  Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb  ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.

  Üzeyir Hacıbəylinin “melodik alətlərin ən gözəli” adlandırdığı kamança kamanla çalınan simli musiqi alətidir. Müxtəlif növləri Sərq və Orta Asiya xalqları arasında geniş yayılmışdır. Kamança Azərbaycan muğamlarının ifasında əsas olan üçlüyə daxildir. Bu musiqi alətinin yüksək inkişafı xanəndəlik sənətinin inkişafı ilə bağlı olub və bu da əsasən XIX əsrin ikinci yarısına təsadüf edir. İlk örnəkləri balqabaqdan və hind qozundan hazırlanıb, fil sümüyü ilə bəzədilibmiş. Bir və iki simli qədim kamançanın diz üstdə çalınan yaylı qopuzdan formalaşdıgı güman edilir.

  Klassik şairlərinin əsərləri, qədim və orta əsr musiqişunaslarının araşdırmaları, rəssamların çəkdikləri miniatürlər milli sərvətimiz olan musiqi alətlərimiz haqqında bizə dəyərli məlumatlar verir. XVI əsr Təbriz rəssamlıq məktəbinin yetirməsi Mir Seyid Əlinin “Musiqi məclisi” rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilib. XIV yüzilliyin məhşur musiqişünası Əbdülqadir Marağalı əsərlərində başqa musiqi alətlərilə yanaşı kamançadan da bəhs edib, onun haqqında geniş məlumat verib. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer türk dünyasına məxsus bu alətin üç simli, bəzən dörd simli olduğunu, ezaskar səs gözəlliyi olduğunu yazır. XVI əsrdə yaşamış, özbək xalqının və türk dünyasının fəxri Əlişir Nəvai, dahi Azərbaycan şairi Məhəmməd Füzuli də əsərlərində başqa musiqi alətlərilə yanaşı kamançanın da adını çəkmişlər. Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində milli musiqi alətlərimizin “nazli gəlin”i olan, incə, məlahətli səsə malik kamançadan bəhs edir:

                Kaman Musa kimi yanır, inləyir,

                Çalan xanəndəni durub dinləyir.

                Oxuyan bir gözəl qəzəl başlayır,

                Bu keyfi-işrəti çox alqışlayır.

  Kamança əsasən qoz ağacından düzəldilir, kürə şəkilli çanaq, girdə qol, “aşıq”lar yerləşən kəllə hissə və “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın açıq tərəfinə nərə balığının və ya qaramal ciyərinin pərdəsi çəkilir. Qolu pərdəsizdir. Hazırda 4 simi vardır. Onlardan 3 və 4-cü bəm simlər mis və bürünc tellə sarınır. Simlər əsasən soğal ağacından hazırlanır, bir qədər əyilmiş çubuq şəklində olan və uclarına at tükü dəsti bağlanan kamanla dilləndirilir. Ümumi uzunlugu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Son dərəcə təsirli səsə malik kamançada lirik musiqilərin ifası xüsusilə gözəl alınır. Kamançadan həm solo, həm də ansamblın tərkibində istifadə olunur. Amma instrumental muğamların kamançada solo ifası daha geniş yayılıb. Azərbaycanda bu musiqi alətinin məhşur ifaçıları vardır. Çalğısı ilə bütün dünyada məhşurlaşan Habil Əliyev, Şəfiqə Eyvazova, Munis Şərifov, Vidadi Paşayev, İmamyar Həsənov və adlarını çəkə bilmədiyimiz  digər sənətkarlarımız.

  Musiqi həyatımızın ayrılmaz tərkib hissəsidir. Bu bağlılıq insan övladının həyata gəldiyi ilk anlardan başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlayır, sirli-sehirli bir dünyaya düşür sanki. Həyatımızın sevincli, qürurlu, kədərli anlarında bizə yaxın dostdur, sirrdaşdır musiqi. Mütəxəssislərin fikrinə görə, musiqi insanın yalnız ruh aləminə deyil, fiziki sağlamlığına da təsir edə bilir. Alimlərin bu sahədə apardıqları araşdırmalara görə, simli alətlər ürək və qan-damar sisteminin fəaliyyətini normallaşdırır. Həmçinin bu musiqi alətlərində ifa olunan çalğı insanda mərhəmət, fədəkarlıq hissi yaradır. Bunu ölməz qələm sahibimiz Cəlil Məmmədquluzadənin “Kamança” əsərində bir daha görürük. Milli ədəbiyyatımızın ən qiymətli incisi və sərvəti kimi yüksək dəyərə malik olan bu əsərdə hələ  ötən əsrin əvvəllərində xalqımızın başına min bir bəlalar açan erməni münaqişəsindən danışılır. Bu  xalqın nümayəndəsi Baxşı Rast muğamını kamançada ifa edir və bu səslə qəhrəman yüzbaşının qəlbində humanist duyğular yaradır.

  Mirzə Cəlil əsərlərinin içində ağrı var o ağrını yalnız kamança səsilə eyniləşdirmək olar. Yaradıcılığı ilə gülən və güldürən Mirzə Cəlil Azərbaycan ədəbiyyatının ən hüznlü, əsərlərindən yanıqlı kamança səsi gələn yazıçısıdır. Bu dahi yazıçımız, eyni zamanda, gözəl kamança ifaçısı olub.  Bu gün “Kamança” əsərinin yazılmasından 97 il ötür. Bir əsr əvvəl Mirzə Cəlil “Kamança” əsərilə bu alətin yanğılı, ecazkar, insan qəibini ofsunlayan səsilə söndürmək istəmişdi millətlər arasındakı ədavət ocağını. Lakin əsrin sonlarına doğru erməni millətçiləri və Zori Balayanlar “Ocaq” kitabı ilə bu iki xalq arasında yenidən ocaq qaladılar. Ermənilər tək torpaqlarımıza sahiblənməklə kifayətlənməyib, mədəniyyətimizə, folklorumuza, söz sənətimizə, musiqi alətlərimizə də əl uzadıblar. Yalnız balabanı deyil, türkün kimliyi sayılan sazı, tarı və kamançanı da dünya ictimaiyyətinə erməni musiqi aləti kimi təqdim etməkdədilər. Lakin bu əsassız iddialar türk dünyasının nə qədər zəngin bir mədəniyyətə malik olmasını təsdiqləyir və türkün nəhəngliyinə xələl gətirə bilmir.

   Azərbaycan milli musiqisi, calğı alətləri xalqın  ruhu, duyğu və düşüncələrinin qovuşduğu milli sərvətimizdir. Bu gün zəngin musiqimizlə sərhədləri aşırıq, bütün dünya xalqları arasında özümüzü tanıdırıq, musiqimizi, musiqi alətlərimizi sevdiririk. Milli varlığımızı sübuta yetiririk. Bu yolda yorulmadan çalışan hər bir türk övladını bağrımıza basırıq.

 

   Kamança haqqında bildiklərini ipə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr