Türkiyə - Tacikistan əlaqələri yeni mərhələdə

Tacikistanın iqtisadi şərtləri, ölkədə bir vaxt baş verən vətəndaş müharibəsi, Tacikistanın Rusiya və xüsusilə İranla yaxın əlaqələri istənilən səviyyədə güclü əlaqələr qurmağa mane olurdu. Hal-hazırda isə mühüm irəliləyişlər var.

Türkiyə - Tacikistan əlaqələri yeni mərhələdə

"Türkiyə və Avrasiya gündəmi", 41 / 2017

  Avrasiya regionunun strateji əhəmiyyətə malik ölkələrindən biri də Tacikistandır. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Tacikistan Avrasiyanın mühüm ölkələrindən biridir. Dövlət müstəqilliyini elan etdiyi 1991-ci ildən bu günə qədər Türkiyə-Tacikistan əlaqələri yarandı. Amma Tacikistanın iqtisadi şərtləri, ölkədə bir vaxt baş verən vətəndaş müharibəsi, Tacikistanın Rusiya və xüsusilə İranla yaxın əlaqələri istənilən səviyyədə güclü əlaqələr qurmağa mane oldu. Hal-hazırda isə mühüm irəliləyişlər var.

  Türkiyə 1991-ci ilin 16 dekabrında Tacikistanın dövlət müstəqilliyini tanıdı. 1992-ci ilin 22 yanvarında isə iki ölkə arasında diplomatik əlaqələr quruldu. Türkiyənin Tacikistan üzrə Səfirliyi 1994-cü ilin 4 avqustunda, Tacikistanın Türkiyədəki Səfirliyi isə 1995-ci ilin 16 oktyabrında açıldı. Türkiyə Səfirliyi Tacikistanda 1992-1997-ci illərdə ölkədə baş verən vətəndaş müharibəsi zamanı da çalışmağa davam etdi.

  Ortaq dilləri olduğu üçün Tacikistanın xarici siyasətində İran mühüm rol oynayır. Bu baxımdan Tacikistanla İran arasında təkcə iqtisadi deyil, təhsil və mədəniyyət sahələrində də ciddi əməkdaşlıq var.

  Türkiyə Cümhuriyyəti Böyük Tələbə Layihəsi çərçivəsində 1992-1993-cü tədris ilindən etibarən çox sayda tacikistanlı tələbəni öz ölkəsində Türkiyə təqaüdü ilə oxudur.

   Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Tacikistanın son illər Avropa İttifaqı ilə də münasibətləri inkişaf etməkdədir. Hazırda İttifaqın Mərkəzi Asiyada həyata keçirmək istədiyi layihə yardımlarının müəyyən bir hissəsi Tacikistana gedir. Avropa İttifaqı və Tacikistan arasında imzalanan razılaşmalara əsasən sosial müdafiə, səhiyyə və özəl sektorun inkişafı planlaşdırılır.

  Tacikistan təbii sərvətlərə malik olsa da, dağlıq coğrafiyada olduğundan istehsalda müəyyən çətinliklər yaşayır. Yenə ölkənin coğrafi quruluşunun yaratdığı problemlər kənd təsərrüfatının inkişafına əngəllər törədir. Bütün bunlar ölkədə məşğulluq sahəsində ciddi problemlər yaşadır.

  Bir çox sosial və iqtisadi sıxıntıları olan Tacikistanda son illər Türkiyə firmalarının saylarının və təşəbbüslərinin artması ölkə iqtisadiyyatının dirçəlməsinə pay verəcək. Xüsusilə özəlləşdirmə prosesinin müxtəlif layihələrində Türkiyə firmalarının fəaliyyəti həm Tacikistan, həm də Türkiyənin qarşılıqlı olaraq xeyrinədir.

  Türkiyə-Tacikistan münasibətləri Mövlanə Cəlaləddin Rumi kimi böyük mütəfəkkirlərin də bölüşdüyü güclü, müştərək bir mədəni irs üzərində yüksəlir. Bu gün hər iki ölkədə hər sahədə əlaqələri inkişaf etdirilməyə səbəblər və iradə var.

  Tacikistan prezidenti İmaməli Rəhman 2012-ci ilin 18 dekabrında Türkiyə Respublikasına etdiyi səfər zamanı Türkiyə və Tacikistan respublikaları arasında Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyanat imzalandı. 2016-cı ilin 12 oktyabrında isə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tacikistana səfər etdi. Hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2017-2020-ci illəri əhatə edən Əməkdaşlıq Planı imzalandı. Həmin səfər zamanı M.Çavuşoğlu Tacikistan prezidenti İmaməli Rəhman tərəfindən qəbul edildi (12.10.2016), sonra tacikistanlı həmkarı Sirociddin Aslovla görüşdü. Bu, 8 illik fasilədən sonra ilk yüksək səviyyəli səfər və görüşlər idi. Qısa zamandan sonra – 2017-ci ilin 15-17 fevral tarixlərində Düşənbədə keçirilən Qarışıq İqtisadi Komissiyanın IV toplantısında Türkiyə Baş nazirinin müavini Yıldırım Toğrul Türkeş dövri sədr oldu.

  Bu proseslərlə yanaşı hər iki ölkə arasında nəqliyyat sektorunda da güclü əməkdaşlıq davam edir. Həm avtomobil, həm də dəmir yolu nəqliyyatı üçün əhəmiyyət daşıyan layihələrdə iki ölkə də yer alır.

  Son zamanlar ticarət əlaqələri də artmaqdadır. Türkiyə Tacikistanın dördüncü böyük ticarət ortağıdır. 2013-cü ildə Tacikistan-Türkiyə arasındakı ticarət həcmi 655,115 milyon dolar olub. Tacikistanda fəaliyyət göstərən Türkiyə firmaları ölkəyə bütövlükdə 50 milyon dollar birbaşa sərmayə qoyub.

  Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi olan TİKA-nın da Tacikistanda investisiya və yardım proqramları davam var.

  Tacikistan və Türkiyə arasında əlaqələrin müəyyən plan daxilində inkişaf və davam etməsi iki tərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir.

  Bütün bunlardan başqa, Türkiyə ilə Tacikistan arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla iş baxımından da yaxın əməkdaşlıq və həmrəylik var.

  Göründüyü kimi, Türkiyə və Tacikistan arasında iqtisadi və siyasi əlaqələr irəliləmək yolundadır və gələcəkdə genişlənmə meylinə malikdir.   



Әlaqәli Xәbәrlәr