TANAP layihəsində irəliləyişlər

Avropanın enerji təminatında müxtəliflik hədəfinə töhfə verəcək və karbon emissiyalarının qarşısını əhəmiyyətli dərəcədə alacaq layihədə Xəzər dənizindən çıxarılan qazın Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır.

TANAP layihəsində irəliləyişlər

"Türkiyə və Avrasiya gündəmi", 48 / 2017

  Avropanın ən böyük enerji layihələrindən olan TANAP - Trans Anadolu Qaz Boru Kəməri Layihəsində irəliləyiş davam edir.  Hörmətli dinləyicilər, “Türkiyə və Avrasiya gündəmi” (48) verilişinin bugünkü buraxılışında (30 noyabr 2017) TANAP və onun bölgəyə təsirlərindən bəhs edirik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankı Avropanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinə 500 milyon dollarlıq kredit ayırdığını bildirib. Avropanın enerji təminatında müxtəliflik hədəfinə töhfə verəcək və karbon emissiyalarının qarşısını əhəmiyyətli dərəcədə alacaq layihədə Xəzər dənizindən çıxarılan qazın Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır.

  Trans Anadolu Qaz Boru Kəməri Layihəsinə bundan əvvəl Dünya Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi maliyyə təşkilatları birlikdə təxminən 2 milyard dollar kredit ayırmışdı. Bu günə əldə edilən irəliləyişlər beynəlxalq investisiya və maliyyə qurumlarının dəstəyinin artmasına səbəb oldu.

  2017-ci ilin oktyabr ayında layihə rəhbərliyi tərəfindən verilən açıqlamada bildirildi: “Layihənin ilkin mərhələsi olan Sıfır Fazanın tamamlanmasına az qalıb və 2018-ci ildən test məqsədilə boru xəttinə qaz ötürülməsi mümkün olacaq. Maliyyə töhfələri isə prosesin düşünüldüyündən daha sürətli nəticələnəcəyini göstərir. Bütövlükdə 12 milyard dollar olaraq hesablanan layihənin - qaz təminatının nəzərdə tutulduğundan daha sürətlə reallaşması bu məsələdə siyasi iradənin gücünü və texniki uğuru ortaya qoyur.

  16 milyard kubmetrlik Trans Anadolu qaz kəmərinin təxminən 10 milyard kubmetri Avropa, qalanı isə Türkiyə üçün nəzərdə tutulub. Layihə bugünkü müsbət axarını qoruyarsa, 2018-ci ilin iyun ayından etibarən Türkiyə TANAP qazını alacaq, 2020-ci ildən isə Avropaya qaz ixracı başlayacaq.

  Xatırladaq ki, qısa adı TANAP olan Trans Anadolu Qaz Boru Kəməri Layihəsinin əsası 2015-ci ilin mart ayında Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının iştirak etdiyi mərasimdə irəli sürülüb. Türkiyə ayağı Ərdahandan başlayaraq Ədirnədən Yunanıstana qədər uzanacaq boru kəməri Türkiyənin 20 şəhərindən keçir.

  Azərbaycan və Türkiyənin iqtisadiyyatına ciddi təkan verəcək TANAP layihəsi ilə Avropa ölkələrinin də keçmişdə yaşadığı enerji sıxıntısı xofu yumşalmış olacaq. Trans Anadolu magistral layihəsi xəttində olan Cənub Qaz Dəhlizinin dəyəri təxminən 40 milyard dolar, uzunluğu 3500 kilometrdir və layihədə 6 ölkə iştirak edir. TANAP isə bu layihənin təxminən 1850 kilometri üzərindədir. Cənub Qaz Dəhlizi isə Cənubi Qafqaz Boru Kəməri və Trans-Adriatik Boru Kəmərinin TANAP-la birləşməsindən yaranır. Sözü gedən layihələr Azərbaycan qazının Avropaya qədər təhlükəsiz çatdırılması ilə yanaşı Türkiyənin enerji dəhlizində də əsas marşrut olma siyasətinə töhfə verəcək.

   TANAP layihəsi başa çatan kimi Türkiyənin qaz xərcləri də enmiş olacaq. Bunun əsas səbəbi Azərbaycanın Şahdəniz-2 qaz yatağından çıxarılan qazın maya dəyərinin aşağı və bazara ucuz tarif siyasəti yürütməsi ilə bağlıdır.

  Türkiyə qaz istehlakında, demək olar ki, tamamilə kənardan asılı bir ölkədir. Əsas tədarükçüləri Rusiya, İran, Azərbaycan, Nigeriya və Əlcəzairdir. Rusiya və İrandan alınan qaz nisbətən baha başa gəlir. Azərbaycandan alınan ucuz enerji Türkiyənin uzun müddətli bazar gücünü artıracaq. Trans Anadolu layihəsiylə birlikdə ilkin fazada 1 - 3 milyard dollarlıq qənaət gözlənilir, bütövlükdə isə layihənin Türkiyəyə dolayı və birbaşa töhfəsi 50 milyard dollar olacaq.

  Türkiyənin Avropa, Asiya və Yaxın Şərq arasında enerji bazası olma hədəfinə TANAP mühüm potensial yaradır. Qaz istehsal resursları və onların müştərisi olan Avropa coğrafiyasına yaxınlığı Türkiyəyə ciddi üstünlük verir. Buna görə ölkə içindəki enerji nəql xətlərinin intensivliyi və infrastruktur gücü əhəmiyyət kəsb edir.

  Türkiyənin alt struktur inşasında Trans Anadolu layihəsinin təqdim edəcəyi imkanlar həm də yerli istehsal texnologiyasının inkişafı baxımdan mühümdür.

  Azərbaycanla başlayan Şərq-Qərb qazötürücü xəttinə sonradan  Türkmənistan, Qazaxıstan, İraq, İran və digər Şərqi Aralıq dənizi ölkələri də qoşularaq qaz resurslarının Qərbə daşınmasında rol oynaya bilər. Bu isə Türkiyənin uzunmüddətli iqtisadi və siyasi qazancının əhəmiyyətli mərhələsi demək olacaq.



Әlaqәli Xәbәrlәr