“Zeytun Budağı” əməliyyatının ikinci həftəsi

Suriyada bir sıra əhəmiyyətli hadisələr baş verir.

“Zeytun Budağı” əməliyyatının ikinci həftəsi

       Türkiyə Silahlı Qüvvələrinin Afrindəki terror yuvalarını məhv etmək üçün başladığı əməlyyat ikinci həftəsini başa vurdu. Türkiyə Silahlı Qüvvələri müvəffəqiyyətlə davam edən əməliyyatla yanaşı İdlibdəki deeskalasiya zonasına nəzarət etmək üçün müşahidə məntəqələri yaradır. Sahədə hadisələrin inkişafı ABŞ-ın Suriyadakı roluna da təsir edir.

      “Zeytun Budağı” əməliyyatı domino effekti yaradaraq PKK/YPG-ni digər bölgələrdə də ciddi mənada zəiflədəcək. Hazırda Münbiç, Haseke, Rakka və Deyr Əz-Zorda terror təşkilatının zülm etdiyi bölgə xalqı YPG-yə qarşı ayağa qalxıb. Türkiyənin Astana danışıqları çərçivəsində Rusiya və İran ilə Suriya məsələsinə dair həll axtarışları, eyni zamanda, Suriyada səhv siyasi investisiya qoyan ABŞ-ın meydanda tək qalmasını yaxınlaşdırır. Xüsusilə, TSQ-nin İdlibə keçməsi prosesi çərçivəsində strateji əhəmiyyətə malik Əl-Eys təpəsinə yerləşməsi Türkiyənin Suriyadakı güclü mövqeyini təsdiq edir.

      “Zeytun Budağı” əməliyyatı TSQ və Suriya müxaliflərinin irəliləməsi fonunda davam edir. Afrin bölgəsinin coğrafi çətinliklərinə baxmayaraq, TSQ və Suriya müxalifləri sürətlə irəliləyirlər. Hakim təpələrin bir-bir alındığı əməliyyatın başladığı zamandan etibarən təsiri böyükdür. YPG-nin bölgədə məğlubedilməzliyi və siyasi qoruyucuya malik olması ilə bağlı stereotiplər sındırıldı. Suriyada YPG haqqında yaranan bu stereotipin əsas mənbəyi ABŞ-ın terror təşkilatına verdiyi dəstəkdir.

          Məlum olduğu kimi, YPG-nin Suriyada nəzarət etdiyi bölgələrin əhalisinin əksəriyyəti ərəb və Türkmənlərdən ibarətdir. Xüsusilə, DAEŞ-in regionda böyük miqyasda məğlubiyyətindən sonra yerli xalq YPG-nin legitimliyi məsələsini düşünməyə başladı. Türkiyənin ərəb, Türkmən və kürdlərdən ibarət olan suriyalı müxaliflərlə birgə hərəkət etməsi region üçün alternativ yaratdı.

          Xüsusilə, Münbiç kimi yerli xalqın YPG-nin zalım diktatorluğundan əziyyət çəkdiyi bölgələrdə YPG-yə qarşı müqavimət qrupları yaradılmağa və fəaliyyət göstərməyə başladı. “Zeytun Budağı” əməliyyatının əldə etdiyi hər hərbi uğur, eyni zamanda, YPG-nin zülmünə qarşı olan ərəb, Türkmən və kürdləri cəsarətləndirir.

        “Zeytun Budağı” əməliyyatı yalnız YPG-ni deyil, Suriyadakı bütün siyasi investisiyalarını YPG-yə qoyan ABŞ-ı da meydanda tək qoyur. ABŞ-ın Türkiyə və  Afrin əməliyyatı ilə bağlı fərqli bəyanatlar verməsi ABŞ-ın öz daxilindəki qarışıqlığı göstərir. Amerikan qurumlarının birbirindən fərqli siyasətlər yürütməsini təsdiq edən son fakt CİA-nın YPG-nin adını terror təşkilatları siyahısında göstərməsidir.

         Rusiya, İran və Türkiyənin zəmanətində davam edən Astana danışıqlarından kənarda qalan ABŞ regionda dəyərsiz tənhalığa doğru sürüklənir. Bir terror təşkilatı ilə başqa terror təşkilatını məhv etməyə çalışan ABŞ-ın siyasəti bölgədə narahatlıqlara səbəb olur. YPG-nin Suriyanın ərazi bütövlüyünü təhlükəyə atan mövqeyi  və ABŞ-ın regionda sərhədləri qoruma ordusu qurmaq planları Rusiya, İran və Türkiyə tərəfindən narazılıqla qarşılandı.

           ABŞ YPG ilə əlaqəsinin DAEŞ ilə mübarizə çərçivəsində olduğunu söyləmişdi. İndi Suriyada bir sıra hərbi baza yaradaraq qalmağı planlaşdırır.

          Suriyada digər mühüm hadisə TSQ-nin İdlibə keçmə prosesi çərçivəsində yeni nəzarət məntəqəsi qurmasıdır. Hələbin cənubunda strateji əhəmiyyətə malik Əl-Eys rayonunda qurulan yeni müşahidə məntəqəsi deeskalasiya zonasına nəzarət etməq istiqamətində atılan mühüm addımdır.

         Türkiyə son dövrlərdə Astana danışıqları çərçivəsində Suriya daxilində və beynəlxalq ictimaiyyətdə strateji və qərar verən bir aktyora çevrildi. Türkiyə güclü mövqeyindən bir tərəfdən Suriya xalqının yaşadığı faciəyə son qoymaq üçün istifadə edir, digər tərəfdən Suriyanın daha yaxşı gələcəyi üçün addımlar atır.

          Türkiyənin Suriyada qərar verən bir aktyora çevrilməsi onun Suriya xalqına olan dəstəyindən irəli gəlir. Bir tərəfdən öz sərhədləri daxilində 3 milyon suriyalıya sığınacaq verir, digər tərəfdən də Suriyada yaşamağa davam edən 4 milyon suriyalıya bir sıra yardımlar edir.



Әlaqәli Xәbәrlәr