• Video Qalereya

Güneyin Çağdaş Ozanları-01/2018

“Mәn müasir Azәrbaycan şeirinin inkişaf yolunu ancaq sәrbәst vәzndә görürәm”, Hadi Qaraçaylı ("Qorqud Ata" proqramının 13-cü dəqiqəsində "Güneyin Çağdaş Ozanları" verilişini dinləyə bilərsiniz)

Güneyin Çağdaş Ozanları-01/2018

Güneyin Çağdaş Ozanları-01/2018

 

Ehey Prometey

Bu torpağın

Qoçaqların sudar-budar doğradılar

Ocaqları sönülmәdi

Basqınlar, at çaptılar düzәnindә.

Baş kәsdilәr evlәrindә.

Göylәrindә quş uçmadı

Göllәrinә qaz qonmadı.

Dalladılar ormanların budaq-budaq

Daş üstündә daş qalmadı.

Ancaq, ölmәz insanları

Parçalanmaz daş oldular.

Yandırılmış qonur boya bu torpağın

Dirçәldilәr sinәsindәn.

Ocaqlara od saldılar

Ürәklәrin nәfәsindәn.

Göyün әngin sinәsindә

Tüstü yaydı ocaqları.

Ehey, ehey Prometey!

Od bağışlar әllәrinә minnәtdarıq!

Görmәlidir,

Od nәfәsli doğur indi

Bu torpağın uşaqları.

Ehey, ehey Prometey!

İndi daha

Oddan doğur

Bu torpağın qoçaqları.

Bu şeir Hadi Qaraçaylınındır. Hadi, 1966. ildә Güney Azərbaycanın Әlәmdar bölgәsinin Suyarı kәndindә kasıb bir ailәdә dünyaya gözlәrini açdı. Suyarı kәndinin adı dәyişdirilib vә indi ona Siyәhrud deyirlәr. Uşaqlığını kәndindә yaşadı, daha sonra ailəliklə Әlәmdar qәsәbәsinә köçdülәr vә tәhsilinә orda başladı. Böyüdü, boya-başa çatdı, lakin kasıblıq onun ali tәhsil almasına mane oldu. Hadi, özü demişkәn “gözәliklәrinә vurğun olduğu ana dilindә” qәzәllәr yazmağa vә әdәbiyyatı sevәnlәrin marağını cәlb etmәyә qadir oldu. O şeirә başlamasını bu sözlәrilә çatdırır: “Gәncliyimdә şeirin, qoşuğun xıcılığı, sәslәrin uyuşumu mәni özünә çәkdi, әlim yazmağa gәldi. Öz dilimdә yazmağın dadına vardım, sevdim, sevdim, sevdim, bu dili, bu yazını, bu әdәbiyatı…”

Hadi Qaraçay, şeir âlәmindә özünü qәzәllәriylә tanıtmış olsa da, “Mәn müasir Azәrbaycan şeirinin inkişaf yolunu ancaq sәrbәst vәzndә görürәm” deyәrәk sәrbәst şeirә yönәldi. Rәsul Rıza vә Nazim Hikmәt öz dililә desәk hörmәt bәslәdiyi şairlәrdir. Hadi Qaraçaylının özünә mәxsus estetik düşüncәsi vardır. Onun dilindә vәtәn eşqi, ona pәrәstiş edәrcәsinә vurğunluq, azadlıq duyğusu, xalqın qayğısına qalmaq, canlı, fәlsәfi vә ümumi xarakter qazanmış bir anlayışla özünü göstәrir. Tәrcümeyi halında yazır ki; Öz dilimdә mәktәb görmәdim, kino görmәdim, kitab görmәdim. Öz dilimdә yalnız anamın nağıllarını dinlәdim, bütün uşaqlığım boyunca.

Bilirәm uçsam göylәrә

Sındırar qanadlarımı tanrının mәlaikәlәri.

Vә girsәm torpaq altına

Çeyniyәr sümüklәrimi torpağın kor sıçanları.

Mәn sizinlә yaşamağa mәcburam

Hey, sizinlә

Ki, qızlarınız

Qamaşdırar gözlәrini günәşin

Vә çilisliyiniz,

Acından öldürür qara qardaşlarımı

Gözüm gözünüzә baxmayacaq, qardaşım, -deyә

Әlim әlinizi sıxmayacaq, yoldaşım,-deyә

Ki, qılınc qını kәsmirsә

Yer qıtlığındandır

Vә ox, oxlovu dәlmirsә

Öylәcә.

Bilirdim uçsam göylәrә

Sındırar qanadlarımı tanrının mәlaikәlәri

Vә girsәm altına

Çeyniyәr sümüklәrimi torpağın kor sıçanları.

Uçdum bilәrәk

Girdim bilәrәk

Lap torpağın ürәyinәdәk.

Hadi Qaraçayın bir neçә şeir kitabı çap olunub. “Beçәlәr Banlayanda” onun ilk kitabının adıdır. Әsәr 1990. ildә öz diliylә desәk Tәbrizdә bir neçә yoldaşının da әmәyi ilә kopiyası çoxaldılıb vә әdәbiyyatsevәrlәrә paylanıb. Bu kitab 1995. ildә Almaniyada әlavәlәrlә eyni adla çap olunub. Hadi Qaraçayın ikinci әsәrinin adı “Badamlıqlar”dır vә kitab 2005. ildә çap olunub. Üçüncü әsәri Sәid Mәtinpura hәsr etdiyi şeirlәr və digərlərindәn ibarәtdir. “Tamudan Gәlәn Sәslәr” adlı bu әsәr dә eynilә Beçәlәr Banlayanda kitabında olduğu kimi İSBN nömrәsiz çap olunub vә paylanıb. Bu әsәrin çap vә paylanması zәhmәtini jurnalist Ramin Cabbarlı çәkib.

Hadi Qaraçay Badamlıqlar adlı əsərindən olan bu gözəl  şeiri Səhənd boydakı böyük alimimiz, mərhum Həmid Nitqiyə həsr edib. Tanrı, İstanbulun Zincirliquyu qəbristanlığında əbədi istirahətgâhında uyuyan Həmid bəyin məkanını cənnət eləsin.

Gördüklərim böylədir xanım!

Yaşıdlarım

Evlərində gəlinləri

Böyük baba oldular.

Sevdiyim qızlar

Doğublar

İki qarın, üç qarın.

Və torpağın

Əkinçi əllərində

Min kərə

İşıldayıb-söndüyünü görmüşəm.

Həyat qiyamət möcüzədir xanım.

Mən

Sarmaşıq kimi

Qələmimə sarılmışam

Qiyamət möcüzələr yaşayaraq.

Və şeirlerimi

Qızıl sünbüllər təki

Yaşıdlarıma,

Sevdiyim qızlara

Və əkinçi əllərində qızıl sayağı

İşıldayıb-sönən

Qara torpağa bağışlamışam…



Әlaqәli Xәbәrlәr