Güneyin Çağdaş Ozanları 4/2013

Ülkər təxəllüslü şairimiz İsmail Mədədi 1984. ildəndir ancaq öz ana dilimizdə şeir yazıb-yaratmaqla məşğuldur.

Güneyin Çağdaş Ozanları 4/2013

Güneyin Çağdaş Ozanları-04/2018

Güneyin Çağdaş Ozanları 4/2013

Şairimiz İsmail Mədədidir. Tərcümeyi halında İsmayıl Mədədi Osalı yazılıb, təxəllüsü isə Ülkərdir. İsmail Mədədinin Üç Gözəl adlı şeiri:

              

ÜÇ GÖZEL

 

Altı kişi idik

Bir masa başında bir yerdə

Ürəklər üzdən

Üzlər ürəkdən qat-qat yalınqat

Və hər birimiz hamımızdan daha demokrat!

 

Altı kişi

Bir masa

Pərdəsiz olan bir yerdə!

Həqqa duz-çörək

Yemək-içmək kimi

Gözəl işlər görülərək

"Üç gözəl"dən danışıldı süfrә başında!

...

Başlar qızışdı

Qızışınca düşdü pərdə

Düşüncə bölündü bu altılı iki, dördə!

Danışıqlar arasında

Masanın dadı qaçdı bir yerdə:

Qarışıqlıq düşüncə üç gözəl şeyin sıralayışında!

Biz dedik:

  • Öncə varlıq

Sonra bayraqdan sonra çörək!

Onlar dedilər:

  • Dünyada nə bol bayraq!

Öncə çörək

Varlıq da çörəklə birlikdə gələcək!

 

İsmail Mədədi 1969. ilin avqust ayının 8. günü tarixdə yaranan ilk Türk dövləti olan Arattanın paytaxt şəhəri olan Urumiyədə dünyaya göz açıb. Urumlu adlı Türk tayfası da həmin bölgənin ən güclü tayfası olduğuna görə sahilində yaşadığı Urumiyə şəhərinə də öz adını verib. Şairimiz İsmail Mədədi ortabab bir ailənin övladı kimi həyatın keşməkeşli yollarına üz tutub. İptidai və orta məktəbi əzəli Türk paytaxdı Urumiyədə “Vəziri”, “Azadi” və “13 Aban” məktəblərində başa çatdırıb. 1988. ildə Binab şəhərində yerləşən universitetin Fars dili və ədəbiyyatı bölməsinə daxil olub, 1992. ildə də fakültəni başa çatdırıb. Yeddi il sonra Türkiyənin paytaxdı Ankarada yerləşən Qazi Universitetinin Türkcə Öyrətim Mərkəzinə daxil olub, 2000. ildə İzmir şəhərində yerləşən Əgə Üniversitetinin "Türk Dili və Ədəbiyyatı Fakültəsinin "Türk Ləhcələri və Ədəbiyatları bölməsində magistraturanı bitirib. Dissertasiya mövzusu isə 1979. ildə çox tez itirdiyimiz Marağalı şairimiz "Bulud Qaraçorlu Səhənd"in Həyatı və Əsərləri haqqındadır.

İsmail Mədədinin “Oyaq Qal” adlı şeiri:

Oyaq qal..!

 

Yatma hələ..!

 

Buyuruğun olsun..!

Qul kəsilim.

Günəvər istə

Günəş

Ulduz istə

Ay!

Quru su de!

Can ocağımda dəmlədiğim çay

Nə istərsən say gətirim!

Yavan söz istə

Şeiri bitirim sənə

Göz istəsən

Göz

Baş istəsən

Baş üstə

Fəqət

Oyaq qal yaşayım!

Yatma hələ

Otur..!

 

Biraz əvvəl mərhum şairimiz Bulud Qaraçorlunun adı çəkildi. Bu çərçivədə tarixi bir hadisə öz yerine düşərdi. Göytürk dövlətini yaradan Türk tayfasında iki qol vardı və ikisi də dəmirçiydi, hər ikisi də qılınc düzəldirdi. Bir qolun adı bilgətəkini idi və buraxdıqları qılınca öz boylarının adını, yəni “bilgətəkini” adını vermişdilər. Digər qolun adı isə Qaraçori idi və düzəltdikləri qılınca “Qaraçori” deyirdilər. Marağada yaşayan Qaraçorlular da Göytürk dövlətini yaradan həmin tayfanın nəvə-nəticələridir.

Ülkər təxəllüslü şairimiz İsmail Mədədi 1984. ildəndir ancaq öz ana dilimizdə şeir yazıb-yaratmaqla məşğuldur. Ulu Tanrı, Ziya Göyalp demişkən, ağzımızda anamızın südü kimi ağ olan dilimizin inkişafı üçün çalışan hər bir şəxsin dayağı olsun, eləcə də şairimiz İsmail Mədədinin. Şairimizin indiyə kimi “Günəş Tonqalı, Yalqız Bitki”, “Buyur Addım At”, “Bir Salxım Dan Yeli”, “Sevda Yoldaymış” adlı şeir kitabları gün üzü görüb. O indi beşinci şeir toplusu və mərhum şairimiz Bulud Qaraçorlu Səhəndin həyatı və əsərləri ilə bağlı tənqidi bir əsərini çapa hazırlayır, Tanrı köməyi olsun. Şairimiz İsmail Mədədi halhazırda Urumiyədə yaşayır, Urumiyə və Təbrizdə tələbələr yetişdirir. Araz və Elay adlı iki əziz balası, Tanrı onların bəxtini yeyin, yollarını avand eləsin və atalarına, analarına, el-obalarına xeyirli evladlar olsunlar.

İsmail Mədədi Ülkərin bir şeiri:

Bir gözəl bir gözəl...

Yelqovan kimi, qov kimi qonar mavi yuxuma

Baxaaaar

Baxınca qığılcım çaxar gözləri

Göyüs manqalımı oyandırıb gedər bir gözəl...

 

Dolu könlümü sıxar boş əllərim

Yuxum yoxa çıxar o "bir gözəl" yoxluğundan...

Bağrım kiçilər

Ovuclarım böyüyər...

Böyüyər əllərim yerin altına üstünə dəyər

 

Gözəl səsi gələr bir yöndən

Dönərəm

Səs səmir yox!

Gülüşləri gələr get gedə böyüyən quş daraqları kimi

Dən dən səpilər gecəyə dərim!

Bir – bir dərilər

Sonra bir gülücüyü dodağıma qonmadan bütün sərpdiklərim

Uçaaaaarrrr... qanad çalışlarını seçər qulağım!

Gedər

Gedişini görməm!

Gözüm bir şeylər qoparar içimdən o "bir gözəl"ə

Qoparınca da onu yollar aparar...

Aparar astanasına qədər o tapmaca qaranlığın...

 

Birdən

Yelqovan yüngüllüyündə

Könül tozu kimi görünməz – görünməz qonar

Qonub qaynaşdırar təkrar məni yaşama

                                                 Gözəl gözəl...



Әlaqәli Xәbәrlәr