Güneyin Çağdaş Ozanları-7/2018

Gәnc nəslin nümayəndəsi şairә Ruqәyyә Kәbiri

Güneyin Çağdaş Ozanları-7/2018

Güneyin Çağdaş Ozanları-07/2018

Bugünkü söhbәtimizdә dә yenә gәnc bir şairәmizi sizlәrә tanış edəcəyik. Әslindә belә bir sual verәbilәrsizin; mәhz niyә gәnclәr? Cavabı da budur: Gәnclәrә önәm vermәk, Türk millәtinin dövlәt gәlәnәyinin әsas prinsiplәrindәn biridir. Hun İmperiyası dövründә Çin sarayına elçilik sifәtilә gedәn Hun dövlәtinin nümayәndәsinә Çin imperatorunun müşaviri üzünü tutub deyir ki, “siz Türklәr yemәyin әn yaxşısını gәnclәrә verirsiniz, qocalara isә azqidalı xörәklәr verirsiniz, bu da sizin onlara dәyәr vermәdiyinizi sübut edir”. Hun nümayәndә heyәtindә yer tutan bir qoca o saat ayağa durub Çinliyә cavabәn deyir: “Gәnclәr bizim gәlәcәyimizdir, ümid yerimizdir. Onlar bizi, vәtәnimizi, dövlәtimizi düşmәnlәrimizdәn qoruyurlar. Bizim özümüz onlara qidalı xörәklәri verib yedirdirik ki, daim güclü olsunlar vә hәmişә düşmәnlәrә qәlәbә çalsınlar”.

Türkiyә Cümhuriyyәtinin banisi Mustafa Kamal Atatürk isә, bu dünya ilә vidalaşmadan Türkiyә Cümhuriyyәtini gәnclәrә әmanәt edәn xitabәsini yazıb mәclisdә oxumuşdur. Türk millәtinin iki tarixi şәxsiyyәtindәn biri bizim eradan qabaqkı illәrdә, digәri isә 20. әsrdә gәnclәrlә bağlı fikirlәrini sadaladığım kimi şәrh edirlәr. Biz dә hәmin әnәnәni davam etdirib gәnc şairlәrimizi sizlәrә tanıtmağın daha yaxşı olacağına üstünlük verdik.

Güneyin gәnc şairәlәrindәn biri olan Ruqәyyә Kәbirinin “Oyun ” adlı şeiri:

…………………………

Oyun

Ayınların oyununa girmişәm

Çıl-çılpaq

Әtimdәn, qanımdan belә silkәlәnmişәm

Günәşә,

Yelә,

Suya sovrulmuşam

Xәlsәlәnmişәm.

Özümdәn çıxıb

Ülgәnә uğraşmağa

Qurban payı olmuşam

Sümüklәrimi sayıram

Birbәbir adlandırıram

Köksümә yetişdiyimdә

Sәnin adın dilimdә gәzir

Tәşәrrüf başımdan uçur

Xәlsәdәn ayılıram

Әtimlә

Qanımla sәni özlәyirәm.

 

Ruqәyyә Kәbiri 1963. ildә  Xoy şәhәrindә, görkәmli şәxsiyyәtimiz Şәms Tәbrizinin qәbrinin yaxınlığında olan bir evdә dünyaya gözlәrini açıb.  Tanrının biz Türklәrә bәxş etdiyi tәbiәtin möcüzәvi gözәlliyә malik Xoy şәhәrinә “Günәbaxanlar Şәhәri” deyirlәr. Xoyun ayrı bir tarixi xüsusiyyәti dә vardır. Vaxtilә Ermәni quldur dәstәlәri Andranikin rәhbәrliyindә Xoya hücum çәkmişdi, Xoylular da Andranikә layiqli cavabı vermiş vә onu gәldiyi yerә kimi qovmuşdu.

Şairәmiz Ruqәyyә Kәbiri, gәnc yaşlarından Güneylilәrin әksәriyәtinin tutduğu yola üz tutub. Qüzey Azәrbaycana duyulan sevgi, Güney Azәrbaycan’a sosialist fikirlәrin yayılmasında әn böyük amilә çevrilib. Ruqәyyә dә bu әnәnәdәn yan keçmәyib vә sosialist fikirlәr daşıdığına görә tutulub vә bir müddәt zindanda qalıb. Bu da ona dәrs olub vә hәbsdәn azad olduqdan sonra artıq siyasәtlә mәşğul olmaqdan imtina edib, ailә qurub. Tәbriz Universitetinә daxil olub orta tәhsil alıb. Ali tәhsil aldığı ixtisas әdәbiyyata uzaq olsa da, ruhu әdәbiyyatla mayalandığına görә şeiriyyәtә üz tutub. Ruqәyyә Kәbiri bununla da “hәr Türk anasından şair vә әsgәr doğular” sözünü doğruldub. Şair ruhu onu Güney Azәrbaycanda da görülәn spid xәstәliyinә vә özünü odlayan qadınlara, cüzama düçar olanlara yönәldib, onlarla bağlı araşdırmalar aparıb, mәqalәlәr yazıb. Bu mәqalәlәrdәn ikisi Fars vә Türk dillәrindә çap olunan, sonradan sәbәbsiz yerә bağlanan Dilmanc jurnalında çap olunub.

Ruqәyyә Kәbirinin Yasasız Törәn adlı şeiri:

………………………

Yasasız törәn

Zaman mitray doğulan çağ deyil

1391-nci günәş ili

Mәkan,

Urmu dәnizi…

Yas rәngindә

Yasasız,

Ayın-oyunsuz bir törәn

Gәrdәk gecәsi

Dәvәtlilәr,

Damarı yaralanmış bir el

Hamun dәnizindәn iki canlı qalmış bakirәdәn danışmıram

Gәlinliyi duzlaqdan

Boyun-boğazına düzülmüş,

Okeanların sәdәflәrinin ürәyindә  gizli qalmış

Mirvarı deyil,

Duz dәnәlәri

Sevişmәlәri ağı ağlayır

Urmu dәnizindәn iki canlı qalmış qız gәlin

Dölündә

Ölüm adlı bir yaratıq

Mitray doğulan çağ deyil

1391-nci günәş ili

Yasasız,

Ayın-oyunsuz bir törәn….

…………………………

Ruqәyyә Kәbiri hәm şairә, hәm dә yazıçıdır. Gözәl hekaylәr dә yazır. Şeirlәrini “Tәbrizim Al Tәbimi” adlı kitabda cәmlәyib vә Tәbriz’dә çap etdirib. Gәnc şairlәrdәn biri olan Kiyan Xiyav’la birlikdә “Bir Ocaqda İki Kül Topası” adlı şeir toplusunu çap etdirib ki, әsәr Әsli-Kәrәm dastanındakı mifik fikirlәrlә bağlıdır. “Ürәyim Ağrıyır” adlı hekayәlәr toplusu isә Bakı’da çap olunub. 2012. ildә Bakı’da tәşkil olunan hekâyә müsabiqәsindә “Mavayl” adlı әsәri birinci yeri tutub. Ruqәyyә Kәbiri, müqәddәs ana dilimizdәn savayı Fars dilindә dә şeirlәr yazır. “İçimdәki Qız”, “Bu Qapı Heç Çalınmayacaq” adlı hekayә kitabları ilә Kiyan Xiyavla birlikdә hazırladığı “Yarı İnsan, Yarı Quş-Araz Qızı” adlı şeirlәr toplusu çap әrәfәsindәdir. O hәmçinin “Evim” adında bir dә roman yazıb. “Qar Yağır”  adlı hekayәsi әsasında rejissor Qәdir Fәrivәr tәrәfindәn çәkilәn film “Pәrvin Etisami vә Sib Festivallarında” mükafatlar qazanıb. Gәnc şairәmiz Ruqәyyә Kәbiri’yә Qorqud Ata verilişi olaraq yazıb-yaratmaq yolunda uğurlar arzulayırıq.

 Ruqәyyә Kәbirinin “Mәni Dan Ulduzundan Keçirt” adlı şeiri:

…………………..

Mәni Dan Ulduzundan Keçirt

 

Ac gözlüyәm

Tamahkaram

Bilmirәm nәyәm!

Bәlkә dә ac qurdam...

Ruhumu sәnin coğrafiyanda gәzdirmәyә

Bir dәqiqә,

Beş

On beş dәqiqә yetәrli deyil

Unutma!

Mәnә min dörd yüz qırx dәqiqә ödәmәlisәn

Saatımın sarqacı donuq

Bu gecә yarıldığında

Saniyәlәri kipriklәrim sayacaq

Gözüm yol çәkәcәk gәldiyin yolun ilğımında

Gәldiyindә

Donmuş saatıma

Yer kürәsinin qızğın nöqtәsindәn asılmış sarqacı gәtir

Samburan dağlarından aş

Gәl dә mәni dan ulduzundan keçirt

Göyün onyeddinci qatında qonaqlanaq

Zaman

Dönsün tarixdәn öncәyә

Mәdәniyyәt  mәrkәzindәn uzaq bir nöqtәdә

Mәnә borclu olduğun min dörd yüz qırx dәqiqәni

Sәksәn altı min dörd yüz dәfә

Saniyә-saniyә

Sayaq nәfәslәrimizlә...

 



Әlaqәli Xәbәrlәr