Prezidentlik sistemi başlamadan geri dönməkmi?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün "Prezidentlik sistemi başlamadan geri dönməkmi?" adlı analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_23 (6 iyun 2018)

Prezidentlik sistemi başlamadan geri dönməkmi?

Qlobal perspektiv_23 (06.06.2018)

  24 iyunda Türkiyədə ölkə tarixinin 32-ci parlament və ilk prezidentlik sistemi seçkiləri keçiriləcək. Başda Ədalət və İnkişaf Partiyası (AK Partiya) olmaqla Cümhur İttifaqının xalq səsverməsilə qəbul edilən prezidentlik idarəsi çərçivəsində problemlərin həll yollarına dair vədlərini ortaya qoyduğu bir zamanda bu tərəfdən də Millət İttifaqına daxil olan partiyaların əsas sözü parlament sistemini geri gətirmək olub.

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün "Başlamadan prezidentlik sistemindən geri dönməkmi?" adlı analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Müxalifət partiyaları nə qədər əleyhinə olsalar da, bunu xatırlatmağın yeri var ki, prezidentlik sistemi və ya Türkiyədəki adı ilə desək, “cumhurbaşkanlığı yönetim sistemi” referendumla qəbul olunub.

  Yeni sistem 24 iyunda tam olaraq həyata keçəcək.

  Müxalifətin yeni sistemi heç sınamadan, millətin qarşılaşdığı problemləri həll edib-edə bilməyəcəyini yoxlamadan qəti şəkildə rədd etməsi izah oluna bilən bir şey deyil. Üstəlik, geri qaytarılması istənilən parlament sistemi Türkiyədə təxminən 140 ildir həyata keçən və davamlı çoxşaxəli problemlər yaradan bir sistemdirsə, vəziyyət heç başa düşülən olmur.

   Şübhəsiz ki, parlament sisteminin uğurlu olduğu ölkələr də vardır. Amma Türkiyədə bu sistemin ortaya qoyduğu böhranlar, ölkənin idarəedilməz hala düşməsi, qapıların daim daxili və xarici qəyyumluq mərkəzlərinin üzünə açılması yaddaşlarldan silinməyib.

  1961-ci il Konstitusiyası ilə yaranan, heç bir şəkildə xalqın nümayəndələri tərəfindən təftiş olunmayan, hərbi və məhkəmə qəyyumluğunun yol açdığı problemlər türkiyəlilərə çox yaxşı məlumdur. Edam edilən baş nazir və nazirlər, hədələnən siyasətçilər, Məclisin mühasirəyə alınaraq dövlət başçısının seçilməsi kimi acı nümunələr unudulmayıb. İstər seçki sistemi, istərsə də qəyyumluq mərkəzlərinin daimi müdaxiləsilə xroniki hal alan siyasi sistem böhranları, koalisiyalar, qısamüddətli hökumətlərlə ölkənin uçuruma doğru yuvarlanması da hafizələrdədir. (“Cumhurbaşkanlığı Sistemi, Nedenler, Tespitler Beklentiler” isimli makale.) Xalqın fəaliyyətinə heç şəkildə təsir edə bilməyən məhkəmə bürokratiyasının da mənzərəsi göz qabağındadır. Çevriliş və hərbi müdaxilələrin legitimlik vasitəsi rolunu oynayan, həyata və xarici dünyaya arxasını çevirən, “qapalı dövrə” prinsipilə fəaliyyət göstərən yüksək səviyyəli məhkəmə ölkənin normal inkişafı, demokratikləşməsi və təşkilatlanmasının qarşısında sədd olub. Siyasi hakimiyyət və koalisiyaların tez-tez dəyişməsi ölkəyə təşəbbüssüz sima gətirib.

  Türkiyənin öz istəkləri istiqamətində hərəkət etməməsinin fonunda qlobal aktyorların daxili qəyyumluq faktorları vasitəsilə iqtisadi müdaxilələr edərək və ya terroru artıraraq sistemdaxili tarazlıqlarla manipulyasiya etmələrinin təsiri də hələ tam şəkildə ortadan qalxmayıb.

  Yaşanan çətinliklər və sistematik problemləri 2000-ci illərdən başlayaraq Ədalət və İnkişaf Partiyasının 4 dövr davam edən tək hakimiyyəti illəri bir qədər unutdurub. Amma bu vəziyyət sistemin məhsulu deyil, bir istisnadır.

  İslam dünyası da daxil olmaqla, Qərbə aid olmayan cəmiyyətlərin iki əsas problemi var: xalqın prioritetlərinin siyasətdə kifayət qədər əks olunmaması və hakimiyyətə gələndən sonra demokratik dəyişikliklərin təmin edilməməsi.

  Türkiyədəki prezidentlik sistemilə namizədlərdən biri ən azı 50+1 faiz səs toplamalı, yəni birbaşa xalqa arxalanmalıdır. Yeni vəziyyətin çətinliyini görən və prezidentlik sisteminə dəstək verənlərdən bəziləri "Görəsən, doğrumu etdik?" deyə narahatlıqlarını dilə gətirir. Onlar başqalarına ehtiyac olmadan, öz siyasi bazalarının səsilə iqtidar ola bildiklərini düşünürlər.

  Parlament sistemi Rəcəb Tayyib Ərdoğan kimi çox güclü liderlərin olduğu dövrlərdə problemlər yaratmaya bilər. Amma Türkiyənin siyasi tarixinə nəzər saldıqda, bir partiyanın daima seçkilərdə qələbə qazanması çox müstəsna bir haldır, artıq bu,  Ərdoğanın şəxsi nailiyyətidir. Bu səbəbdən Ərdoğandan sonranı düşünmək lazımdır.

  Hakim partiya baxımından yalnız öz bazası ilə seçkiləri çətinlik çəkmədən qazandığı, seçilmək üçün zaman həddinin olmadığı parlament sistemi daha rahat bir sistem təsiri bağışlayır.

Sabitliyin möhkəmlənməsi, siyasi hakimiyyətdə qəyyumluq mərkəzlərinin deyil, xalqın prioritetlərinin daha çox əks olunması, mürəkkəb bir coğrafiyada yerləşən Türkiyənin əmin-amanlıqla idarəsi, sistemdaxili demokratik dəyişikliklərin rahat şəkildə icra edilməsi üçün siyasi sistemin yenilənməsi Türkiyənin bir zərurətidir. Bu çərçivədə Ədalət və İnkişaf Partiyası özü üçün çətin, amma doğru olanı seçib. Həyata keçirilən dəyişikliklərdən sonra Türkiyədə siyasətin ağası artıq xalq olur. Millətdən mandat almayan daxili və xarici qəyyumluq mərkəzlərinin siyasi sistemə müdaxilə imkanları son dərəcə zəifləyir. Siyasi sistemdən qaynaqlanan struktur problemlər böyük nisbətdə həll edilir. Artıq bundan sonra qarşılaşacağımız problemlər sistemdən doğan problemlər deyil, tətbiqdən doğan problemlər ola bilər. Ona görə də müxalifət yeni sistem hələ tam şəkildə fəaliyyətə başlamadan, yoxlanılmadan keçmişin işləməyən sistemini geri gətirməyə səy göstərmək yerinə tətbiqdə baş verə biləcək mümkün problemlər barədə xəbərdarlıq etməli və həll yollarını tapmalıdır. Müxalifət partiyaları hələ anlamırlar ki, yeni siyasi sistem artıq onları da dəyişdirməyə başlayıb.

 



Әlaqәli Xәbәrlәr