"Bunlar sadəcə mənim sözlərim deyil", X.İbrahim

TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının mötəbər qonağı Azərbaycan Respublikasının qardaş Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahimdir.

"Bunlar sadəcə mənim sözlərim deyil", X.İbrahim
Xəzər İbrahim TRT "Türkiyənin səsi" radiosunda oldu (video-müsahibə)
Xəzər İbrahim TRT "Türkiyənin səsi" radiosunda oldu (video-müsahibə)

  TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının qonağı Azərbaycan Respublikasının qardaş Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahimdir.

  Müsahibəni radionun əməkdaşı Sevda Mirzə aparır.        

Xəzər İbrahim TRT "Türkiyənin səsi" studiyasında

Sevda Mirzə (jurnalist): TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının mötəbər qonağı təyin olunduğu gündən durmadan çalışan, kabinetdə deyil, yerlilərilə birlikdə tədbirlərdə, toplantılarda iştirak edən, işgüzarlığı ilə xüsusi seçilən, Azərbaycan Respublikasının qardaş Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahimdir.

Xəzər İbrahim (Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri): Təşəkkür edirəm.

Sevda Mirzə (jurnalist): Biz sizi öz studiyamızda görməyə çox şadıq. Bilirik ki, son zamanlar çox gərgin çalışdınız, həm cümhuriyyətimizin 100 yaşı, həm də Heydər Əliyevin 95 illiyilə bağlı.

  Tarixdə yalnız bəşəri ideyaların daşıyıcısı olan şəxsiyyətlər qalır. Milləti də çox zaman məhz bu şəxsiyyətlərinə görə tanıyırlar. XX əsr Azərbaycan siyasi tarixinin qürur duyulacaq, fəxr ediləcək dahiləri az deyil. Bu gün onları xatırlayacağıq sizinlə. Söhbətə ondan başlayaq ki, 2018-ci ilimiz ümumtürk və müsəlman Şərqi tarixində parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. 28 May münasibətilə nəinki Azərbaycan respublikasında, dünyanın bir çox ölkələrində silsilə tədbirlər təşkil olundu, bilənlərə xatırlandı, bilməyənlərə söylənildi. Bu tədbirlərin Azərbaycandan sonra böyük bir qismi də Ankara, İstanbul və Türkiyənin şəhərlərində oldu. Demək olar ki, istər Azərbaycan dövləti, istərsə də, ayrı-ayrı Azərbaycan dərnəkləri tərəfindən təşkil olunan tədbirlər cümhuriyyətin qurucularına layiqli şəkildə qeyd edildi.

  Xəzər İbrahim (Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri): İlk olaraq təşəkkür etmək istəyirəm məni studiyanıza dəvət etdiyinizə görə. Təbii ki, burada – TRT-də Azərbaycan vətəndaşlarını, ən yüksək peşəkarlıqla Azərbaycanı təmsil etdiklərini görmək mənim üçün qürur və şərəfdir.

  Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi elan etmişdir. Buna görə bizim də böyük iş planımız vardı: qardaş Türkiyədə 100 illiklə bağlı çoxlu tədbirlər keçirmək, Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər haqqında məlumatlar vermək, bugünkü Azərbaycan haqqında, Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğu varədə Türkiyənin hər bir guşəsində məlumatları çatdırmaq. Bununla bağlı ən böyük tədbirimiz 14 mayda Ankaranın ən gözəl parkı - Heydər Əliyev parkında oldu: həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edildi. Bu tədbiri tez etməyimizin səbəbi var idi. Türkiyə tərəfi bizə tövsiyyə etdi ki, tədbiri Ramazan ayı girmədən keçirək. Həm də Türkiyə seçki kampaniyasına başlayırdı.

  Sağ olsunlar, Türkiyənin hər bir tərəfindən dostlarımız, Azərbaycanı sevənlər, vətənpərvər insanlar gəlib iştirak etdilər. Azərbaycandan da Əli Həsənov (Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi), millət vəkilləri gəlmişdi. Türkiyə tərəfindən İsmayıl Kahraman - TBMM sədri o gün həm də dövlət başçısı səlahiyyətini icra edirdi. Baş nazirin müavini Hakan Çavuşoğlu, ayrı-ayrı nazirlər, müavinləri, Baş Qərargahdan, demək olar ki, 50-60 nümayəndə var idi. Bu ən böyük tədbirimizə Azərbaycandan ustad sənətkarlar da gəlmişdi: Alim Qasımov, Fərqanə Qasımova, “Natiq” ritm qrupu, Azərin xanım və digərləri. Bu tədbirdən savayı, biz bu ilin başında Türkiyənin müxtəlif yerlərində, demək olar ki, 15 rayonunda 10-larla böyük konfranslar keçirdik 100 illiklə bağlı. Biz istəyirdik ki, bu konfranslar məhz Türkiyənin təhsil müəssisələrində olsun, intellektual elitanın arasında təşkil edilsin ki, buralarda Azərbaycan Xalq Cümhuriyyətinin o zaman – 100 il əvvəl nəinki Azərbaycana, nəinki Türk dünyasına, ümumilikdə müsəlman Şərqinə gətirdiyi ideyaları paylaşaq. Azərbaycanın ilk parlamenti, ilk operası, ilk universiteti, Avropa ölkələrindən əvvəl belə xanımlara verdiyi haqqlar, biz bunları yaymağa çalışdıq. Təkcə özümüz deyil, Türkiyədə yaşayan azərbaycanlılar - bizim intellektuallar, bizim universitet müəllimləri, onlardan da istifadə etdik ki, gəlib fikirlərini bölüşsünlər. Mən düşünürəm ki, çox işlər görüldü bu sahədə və çox gözəl effekti də oldu. Türkiyənin başqa şəhərlərində də böyük tədbirlərimiz oldu. Gələnlər həm Azərbaycan Xalq Cümhuriyyətinin dünəni haqqında eşitdilər, həm də bu günü haqqında. Türkiyədə yaşayan sənət ustalarımız - Əlixan Səmədov (ney ifaçısı), Teymur Rzayev (rəssam), Cahangir Novruzov (aktyor) kimi tanınmış adamlarımız da öz ustadlıqlarını nümayiş etdirdilər.

  Hər kəs gördü 100 il əvvəlki Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını və bügünkü Azərbaycanı. O zaman da Azərbaycan ilklər yaratdı, dünyaya çatdırdı, bu gün də Azərbaycan dünyada öz əhəmiyyətli yerindədir. Azərbaycan bu gün öz inkişafı ilə, öz qüdrətilə həm Türkiyənin yanındadır, həm də beynəlxalq aləmdə öz layiqli yerini tutur.      

Sevda Mirzə (jurnalist): Sizin bu sözlərinizə qüvvət olaraq demək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə çıxışlarının birində deyib: “Dövlətçilik bir istedaddır və bu istedad Azərbaycan xalqının qanında vardır”. Sizin də söylədiyiniz kimi, 100 ilk qabaq Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman müsəlman şərqinə, türk dünyasına, o cümlədən, Avropaya bir çox ilklər bəxş etdi və bu gün də bu ənənə şəklində davam edir.

  Siz Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri təyin olunduqdan az sonra rəsmi heyətlə birlikdə M.Ə.Rəsulzadənin məzarını (Ankarada) ziyarət etdiniz, rəsmi facebook səhifənizdə şəkillər də paylaşıldı, gördük.

  Biz dedik ki, Azərbaycan Cümhuriyyəti hər zaman dahi şəxsiyyətlər yetişdirib. Bu insanlar sırasında bu gün 95 yaşını qeyd etdiyimiz Heydər Əliyev də vardır. Cümhuriyyətin 100 yaşına onun da 95 illiyi təsadüf etdi. Tədbirlər paralel şəkildə keçirildi. Bu barədə də məlumat verməyinizi istərdik.        

Xəzər İbrahim (Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri): Bəli, bu il ulu öndər Heydər Əliyevin də 95 illiyidir. Bununla əlaqədar da Türkiyədə çoxlu tədbirlər keçirildi. Heydər Əliyev yalnız Azərbaycan üçün deyil, yalnız Azərbaycan-Türkiyə əlaqələri üçün deyil, ümumilikdə türk dünyası üçün çox işlər görüb. Bunlar sadəcə mənim sözlərim deyil. Türkiyədə hansı tədbirə gedirsən, hansı görüşdə olursan, hər kəs onun haqıında danışır, ən yüksək səviyyədən tutmuş ən kiçik rayondakılara qədər. Türkiyədə Heydər Əliyev haqqında çox məlumat var: onlar bilir müasir Azərbaycanın inkişafında onun gördüyü işlər hansı səviyyədədir. Eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığı üçün də nələr edib. “Bir millət, iki dövlət” şüarı burada hər yerdədir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi zamanı da sosial şəbəkələrdə Türkiyə rəsmiləri bu şüardan çox istifadə etdi.

  Təbii ki, Azərbaycan Səfriliyi olaraq 95 illiklə bağlı da bizim silsilə tədbirlərimiz oldu. Bilirsiniz ki, Türkiyədə dörd Heydər Əliyev Məktəbi var. Ankara çox gözəl şəhərdir, ən gözəl və baxımlı parkı da Heydər Əliyev parkıdır. İnsanlar bura həm istirahət etməyə gəlir, həm də Azərbaycan Tanıtım Evində Azərbaycanla tanış ola bilirlər. Ankaranın Heydər Əliyev parkında böyük bir tədbir keçirdik. Bunu bir az fərqli etmək istədik. Ona görə Türkiyə ərazisində olan bütün dörd Heydər Əliyev Məktəbindən şagirdlər, müəllimlər gəldilər bura. Heydər Əliyevin həyatı və Azərbaycan-Türkiyə münasibətlərilə bağlı səhnələr canlandırıldı. Çox böyük tədbir oldu. Burada Türkiyə tərəfindən də ən yüksək səviyyədə adamlar iştirak etdi.

  Səfrilik binasında etdiyimiz tədbirlərdən biri ulu öndərlə bağlı çəkilmiş yeni sənədli filmin təqdimatı oldu. Yenə iştirakçılar ən yüksək səviyyədə olan insanlar (Hikmət Çətin, o zaman onun səhhətilə maraqlanmış həkim və b.) idi və H.Əliyevlə bağlı öz xatirələrini bölüşdülər. Çox maraqlı, özəl məlumatlar idi. Türkiyənin müxtəlif bölgələrində də keçirilən tədbirlərdə 95 illiklə bağlı işlər gördük, müəyyən məqamları geniş auditoriyaya çatdırdıq.         

Sevda Mirzə (jurnalist): İstər 100 il bundan qabaq, istərsə bü gün Azərbaycan-Türkiyə münasibətlərində bizim bütün prezidentlərimizin böyük rolu və Türkiyə ilə sıx əlaqələri olub, qonşuluqdan da yaxın, həqiqi qardaşlıq mənasında. Bilirsiniz ki, Heydər Əliyev yaşına-başına, vəzifəsinə baxmadan, ürəyinə yatan biri olurdusa, qeyri-rəsmi münasibət göstərərək yanına çağırır, danışırdı. Məhz o insanlar idi bu gün Türkiyədə o tədbirlərdə xatirələrini bölüşən.

Xəzər İbrahim (Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri): Bir şeyi də əlavə edim. Mersində də böyük bir tədbirimiz oldu. Bilirsiniz ki, Mersinin bir qəsəbəsi ilə Bakının Xətai rayonu qardaşlaşmış yerlərdir. Orada da böyük bir Heydər Əliyev parkı var. Tədbirdə Türkiyənin o zamankı yüksək səlahiyyətliləri çıxış etdi, o cümlədən, Mersinin 4 dəfə Bələdiyyə sədri olmuş adamı. O qədər özəl xatirələr danışdı ki. Üstəlik qonşu Adana şəhərində də əvvəllər Bakı-Tbilisi-Ceyhan Kəmərilə bağlı layihənin rəhbəri olmuş indiki Bələdiyyə sədri çıxış etdi. Layihə ilə bağlı o qədər maraqlı və mətbuata çıxmayan xatirələr bölüşdü ki.

Sevda Mirzə (jurnalist): Bakı-Tbilisi-Ceyhan kimi layihələr haqqında hər zaman rəsmi məlumatlar paylaşılır, amma bu cür xatirələr işin qeyri-rəsmi tərəfini də ortaya qoyur. Bu tədbirlərdə də biz bunu gördük, hiss etdik.

  Türkiyədəki ayrı-ayrı universitet və başqa yerlərdə çalışan, o cümlədən, oxuyan azərbaycanlı vətəndaşlara yetişmək üçün çox səy göstərirsiniz. Sizdən əvvəlki səfirlər də müəyyən işlər görmüşlər. Siz növbəti səfir olaraq hansı yarımçıq işləri davam etdirəcəksiniz? Özünüzün hansı fikirləriniz var bu barədə?

Xəzər İbrahim (Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri): İlk olaraq onu qeyd edim ki, adından asılı olmayaraq, Azərbaycan səfiri Azərbaycanın səfiridir. Bütün səfirlər işlərini layiqincə görmüşlər, görürlər və görəcəklər. Bu, bizim borcumuz və bizə verilən etimadı doğrultmaqdır. Buna görə mən özümdən əvvəlki bütün səfirlərə də öz təşəkkürümü bildirirəm. Gördüyümüz işlər ancaq bizim gördüyümüz işlər deyil, bunlar təlimat əsasında həyata keçirilir. Bizi bura təyin edən ölkə başçısıdır, prezidentdir. Prezidentimiz bizim qarşımızda məqsədlər qoyub ki, bunlardan birincisi, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasına xidmət edir. Bizim də vəzifəmiz, borcumuz bu tapşırığı yerinə yetirməkdir.

  Bütün dünyada hər bir səfirliyin borcu, ilk növbədə, öz vətəndaşlarına layiqincə xidmət göstərməkdir və biz də əlimizdən gələni bununla bağlı etməliyik. Tələbələrə və Azərbaycanın buradaki nümayəndələrinə gəlincə, bununla bağlı biz hər zaman təkliflərə açığıq. Ona görə mən gələn kimi səfriliyin “twitter”, “facebook” səhifələrini yaratdıq, internet səhifəmzidə qeyd etdik, telefon nömrələrimizi, e-maillərimizi qoyduq ki, insanlar bizimlə daha rahat ünsiyyət, iltibat qura bilsinlər. Hansı işlərdə problemlər var, hansı işləri çözə bilmirlər, onlar birbaşa öz təkliflərini verə bilirlər. Biz də çalışırıq ki, öz işimizi bunun üzərində quraq. Düzdür, hər kəsin sualına o saat və dəqiq cavab vermək qeyri-mümkündür. Məsələn, bizim konsulluğun işi həddindən artıq çoxdur. Burada üç nəfər çalışır, amma Türkiyədə 100 minlərlə azərbaycanlı var. Hər kəs zəng edəndə də bəzən düşə bilmir, narazılıq edir ki, “əlaqə saxlaya bilmədik”. Biz də deyirik ki, modern dünyadır, e-mail yazın, səsli mesaj göndərin, “facebook”a yazın. Yavaş-yavaş bu məsələr yoluna düşür.

  Gələcəyimiz olan tələbələrə gəldikdə isə, bilirik ki, ölkəmizin, rəhbərliyimizin onlara xüsusi qayğısı var. Biz də onlara diqqət göstərməliyik. Türkiyədə 15 minə yaxın azərbaycanlı tələbə var. Ölkədə ən çox tələbə Azərbaycandan gələnlərdir. Türkiyənin hər bölgəsində vardırlar. Elə bölgələr var ki, orada minlərlə azərbaycanlı tələbə oxuyur. İlk olaraq onlara layiqli xidmət göstərmək istəyirik. İkincisi də, onlardan xahiş edirik ki, Azərbaycanı layiqincə burada təmsil etsinlər. Layiqli təmsilçilikləri isə, ilk növbədə, onların burada yaxşı təhsil almalarıdır. Sabah Türkiyədə, ya Azərbaycanda yaxşı xidmət göstərsinlər, öz töhfələrini versinlər. Ona görə də onlarla sıx-sıx işləyirik, tələbələri tədbirlərimziə dəvət edirik. Məsələn, mən Türkiyədə nəyə sevindim? Ankaranın Bilkent Universitetində bir neçə tədbirimiz oldu. Universitetdə Beynəlxalq Münasibətlər Dərnəyi var, onun başında mən azərbaycanlı tələbəni görəndə bu hiss çox fəxrli, şərəfli və qürurverici idi. Ya da ODTÜ-də. Türkiyənin ən hörmətli və ən güclü universitetlərindən biri olan bu ali məktəbdə bizim elmlər namizədliyi alan tələbələrimiz var ki, biz onlarla qürur duyuruq. Ankara Universitetində də hüquq fakültəsində bizim güclü tələbələrimiz, yüksək səviyyəli müəllimlərimiz var. Biz bir-birimizə güc qatırıq. Yəni biz onların yanında, onlar da bizim yanımızda olur, çünki biz birik.

Sevda Mirzə (jurnalist): Hörmətli səfirimiz, bizim proqramımız həm də İctimai Radionun FM dalğası vasitəsilə yayımlanır. 10 ildir hər gün biz – TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyası buradan İctimai Radionun FM dalğası vasitəsilə səslənirik Bakıya, Azərbaycana və bütün ölkələrə. “Türkiyənin səsi” radiosunun 41 dildə redaksiyası var, 41 dildə veb saytı var və 37 dildə yayımı var ki, onlardan da biri bizik - Azərbaycan bölümüdür. Bir söz var, deyirlər: nə xoşbəxtəm ki, dövlətlərin yanında Azərbaycanın adı var, bayraqların yanında Azərbaycanın bayrağı var.                         

  Mən sizə çox təşəkkür edirəm studiyamıza gəldiyinizə, səmimi və rahat söhbətinizə görə.



Әlaqәli Xәbәrlәr