Təhsilin bəşəri prinsipləri (II hissə)

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısının davamını təqdim edirik. (Qlobal perspektiv_41 (10.10.2018)

Təhsilin bəşəri prinsipləri (II hissə)

Qlobal perspektiv_41 (10.10.2018)

  Qlobal faktlardan biri odur ki, yaxşı təhsil də, pis təhsil də yoluxucu olur. Bu, başqa ölkələrdə verilən təhsilə də aiddir. Təhsilin vəzifələri sırasında ədalət şüuru vermək və hər şeyə mənfi deyil, təmkinli baxmaqla fərdlər yetişdirmək əsas yer tutur.

  Hörmətli dinləyicilər, mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısının davamını təqdim edirik. (Mətni oxuyur Sevda Mirzə.)

3) Ümumi əxlaq qaydalarına malik insanlar yetişdirən bir təhsil.

  İctimai mühitdə hər bir adamın ümumi davranış və əxlaq qaydalarına riayət etməsi şərtdir. Təbii ki, hamı buna əməl edərsə, kiminsə oğurlayacağı, hücum edəcəyi, pis rəftar göstərəcəyi, yalan danışacağını düşünməyə ehtiyac qalmaz.

Amma yaşadığımız dünyada bütün bunlar var ikən evdən çıxmağı düşünək. Evdən çıxa bilərikmi? Çıxarkən qarşılaşdığımız ilk insanın bizə hücum etməyəcəyinə əmin deyilsək, necə gedərik? Küçədəki adamın bizi soyub-soymayacağı şübhəsi içində necə ola bilərik? Yəni hər kəs sənə pis münasibət göstərirsə? Və ya insanlar çalışaraq, əməyinin qarşılığını düşünərək deyil, işləmədən, layiq olmadan nəsə əldə etmək axtarışında isə? Belə vəhşi bir şəraitdə ictimai həyat mümkün ola bilərmi? Bütün bunların olmamasının əsas yolu təhsildən keçir. Ümumi mədəniyyət qaydalarına riayət edən fərdlər yetişdirmək təhsilin prioritet məqsədlərindən biri olmalıdır. Bu ümumi qaydaları müəyyən etmək o qədər çətin deyil. Müxtəlif mədəniyyətlərdə buna dair ümumi və qəbuledilən qaydalar var.

4) İki günü eyni olmayan, çalışmağı öyrədən təhsil.

  İndi söyləyəcəyimiz prinsiplər daha çox təhsilin məzmunu və metodu ilə bağlıdır. İlk üç prinsip - ədalətə, müsbət baxışa və əxlaq qaydalarına əsaslanan təhsil hər səviyyədəki təhsilin təməl dəyərləri olmalıdır.

Bu dəyərlərə əsaslanmayan təhsilin nəticələri bəşəriyyət üçün çox böyük təhlükələr törətməyə hazırdır. Bəşəriyyəti fəlakətə sürükləyən dünya müharibələri, terror hücumları, təhlükəsizlik divarları, yaşatmağa deyil, dağıtmağa yönəlik hər cür ixtira təhsil almışların "bacara bildiyi" işlərdir. Bunlar güclü təhsillə formalaşdırılan ədalətsizliklər, axıdılan göz yaşları, verilən acılardır. Amma mədəni-əxlaqi dəyərlər insanları, çox sahədə olduğu kimi, təhsildə də qoruyan nüanslardır. Bu mənada Həzrət Peyğəmbərin "Faydasız elmdənsə, Allaha pənah aparıram" sözləri çox dəyərli əxlaqi bir mövqeyi əks etdirir. Yəni zərərli deyil, faydasız olanından da qorxmaq lazımdır.

  Bəli, çalışmaq, hər gün yeni bir iş görmək üçün səy göstərmək özümüz, ətrafımız və bəşəriyyət üçün faydalı işlərdən biridir. Tənbəl, parazit, əməyi deyil, başqalarının kürəyindən vuraraq qalmaq cəmiyyəti çürüdür. Ona görə təhsil hər hansı peşəni yüksək sayıb işə təşviq etməli, hər məsləkdə çalışaraq dəyər qazanıldığını öyrətməlidir.

5) Hər kəsə eyni deyil, potensialına görə dəyər verən, plüralist təhsil.

  Müasir, mərkəzçi dövlətlə birlikdə hər kəsə eyni tətbiq edilən, kütləvi təhsil üsulu bütün dünyaya yayılıb. Bu yayğın təhsil hamıya eyni təhsil vermək baxımından yaxşıdır. Amma bu metod fərqlilikləri ortadan qaldıran, insanları eyniləşdirən bir nəticə də doğurur. Halbuki hər bir insan ayrı bir fərd, hər insan ayrı bir dünyadır. Şeyx Qalibin sözlərilə desək,

Xoş bax zatına kim mahiyyəti-aləmsən sən.

Merdümü didei-məxluq olan adəmsən sən.

  Yəni özünə, sağlığına yaxşı bax ki, aləmlərin özü, kainatın göz bəbəyi insan sənsən.

  Ona görə də təhsilin məqsədi hamıya eyni şeyi vermək deyil, hər bir fərdin potensialını kəşf etmək, onu ictimai fayda əldə etməyə yönəltmək olmalıdır.

6) Həyatla iç-içə bir təhsil.

  Qədim təhsil üsulunda fərdlər əsasən usta-şagird münasibətlərilə həyatı iş başında öyrənərdilər. Bu gün isə təhsil-təlim müəssisələri profesionallaşmışdır. Amma məktəblər qismən real həyatdan qopmuşdur. O zaman Albert Eynşteynin sözləri məntiqi vurğulayır: "Təhsil insanın məktəbdə öyrəndiyi hər şeyi unudanda yerdə qalan məhsuldur".

  Təhsilin məqsədi insanı həyata hazırlamaqdırsa, təbii ki, təhsil ancaq məktəbdə verilməməlidir. Təhsil müəssisələri və təhsilin özü tələbənin gələcəkdə yer alacağı qurumlarla iç-içə olmalıdır.

7) Əzbərçi deyil, düşünən, mühakimə edən və kəşfedici bir təhsil.

  Təhsil əsasən keçmişə və var olana qarşı yox, gələcəyə yönəlmiş bir cəhddir. Əlbəttə, var olan və keçmişin təcrübəsi də öyrədilir. Amma bütövlükdə təhsil gələcəyi daha yaxşı anlamağa, yeniliklər etməyə yönəlik olmalıdır. Keçmişdə qalan, düşünməyi deyil, əzbərçiliyi, təkrarçılığı üstün tutan təhsil bizi heç yerə aparıb-çıxarmaz. İnsanlar potensiallarını ancaq mübadilə və mühakimə etməklə ortaya çıxara bilər. Buna görə təhsil insanın özünü kəşf etməsinə zəmin hazırlamalıdır.

  Əslində dövlət mərkəzli deyil, dövlətin koordinasiya və nəzarət etdiyi vətəndaş cəmiyyəti və özəl sektor ağırlıqlı təhsil lazımdır. (Bu təhsil metodu ayrıca müzakirə olunmalıdır.)

  Əlbəttə, yaxşı təhsil almaq, akademik bilik sahibi olmaq son dərəcə vacibdir. Amma gözəl cəmiyyət yaratmayan təhsilin heç bir zəmanəti yoxdur. Təhsil prosesində mədni-əxlaqi dəyərlər gözlənilməzsə, yol dolanbaclar və fəlakətlərə aparar.

  Yoldaşlarının üstünə avtomat silah çəkənlər, yeməklərinə zəhər qatanlar, bütövlükdə dünyanı fəlakətdən fəlakətə sürükləyənlər heç də oxumamış insanlar deyil, sadəcə bilik və bacarığını bəşəriyyətin mənfəətinə istifadə etməyi lazım bilməyən prinsipsiz insanlardır. Təhsildə hansı fənnin oxudulması qədər, niyə həyat üçün əhəmiyyətli məsələlər, davranışlar öyrədilməsin?  



Әlaqәli Xәbәrlәr