Millət vəkilləri türklərə azəri-fars deyilməsinə məktubla sərt reaksiya bildirdi

Həsən Ruhaniyə xitabən müavini Əli Yunisinin sözlərinə qarşı yazdıqları reaksiya məktubuna 50 türk soylu deputat imza atıb.

Millət vəkilləri türklərə azəri-fars deyilməsinə məktubla sərt reaksiya bildirdi

  İran Məclisinin türk soylu deputatları prezidentin müavini Əli Yunisinin türklərə azəri-fars deməsinə qarşı sərt reaksiya göstərib.

  İranın Qərbi Azərbaycan şəhəri Urmiyadan olan millət vəkili Nadir Qazipur və Hadi Bahadırın İran prezidenti Həsən Ruhaniyə xitabən müavini Əli Yunisinin "türklər azəri-farsdır" sözlərinə qarşı yazdıqları reaksiya məktubuna 50 türk soylu deputat imza atıb.

  İranda Qeyri-Fars Etnik Qruplar və Dini Azlıqlarla bağlı Məsələlər üzrə prezident Həsən Ruhaninin baş yardımçısı olan Əli Yunesinin sözlərinin ölkənin təhlükəsizliyinə xələl gətirdiyi yazılan məktubda qeyd olunur ki, “İranda müxtəlif etnik xalqlar yaşayır və Qurana görə irqi ayrı-seçkilik qəbuledilməzdir. Bir xalqın dilinə xəyanət o millətə xəyanət anlamına gəlir. Hər bir millətin ən dəyərli faktörü onun dilidir… Əli Yunesi çıxışlarında İranın Azərbaycan, türkmən, qaşqay, Xəzər ətrafı və Xorasanda yaşayan və ölkənin təxminən 40 faizini təşkil edən böyük türk tayfalarını təhqir etmişdir… Əli Yunesi “azərbaycanlıların cəmi 300 ildir türkcə danışdığı"nı deyir. Halbuki azərbaycanlılar ana dili olan türkcədə insanlıq tarixi qədərdir danışır. Bu talesiz açıqlamalar Rza şah Pəhləvi dövrünün irqçi ritorikasını ilə xatırladır”.

  Qeyd edək ki, İran İslam Respublikası Prezident Aparatı Azlıqlar və Etnik Müşavirliyinin müavini və İranın sabiq Milli Təhlükəsizlik (İstihbarat) naziri Höccətül-İslam Əli Yunesi ölkədə “Qanun” qəzetində verdiyi müsahibədə türk, fars və kürd soylarının bir olduğunu iddia edib. O deyib: “Azərbaycanlılar azəridir, türk deyil. O cümlədən İranda yaşayan bütün türklər fars kökenli və əslində kürdlərin ekiz qardaşlarıdır. Bu azərilər 300-400 il əvvəl bəzi türk ailələri ilə qaynayıb-qarışaraq türk dilində danışmağa və özlərini türk hesab etməyə başladı”.

  Bir-birini təkzib edən və millətlərin heysiyyətinə toxunan bu sözlər İran mediasında böyük əks-sədaya və ölkənin türk soylular yaşayan bütün ərazilərində etiraza səbəb olub.

  Xatırladaq ki, İranda Qeyri-Fars Etnik Qruplar və Dini Azlıqlarla bağlı Məsələlər üzrə prezident Həsən Ruhaninin baş yardımçısı olan Əli Yunesi bundan əvvəl də bir neçə dəfə ölkədə insanların etnik və dini mənsubiyyətinə görə ayrı-seçkilik və məhdudiyyətləri qarşılaşdırmış, etirazlar yüksəlincə inkar etmişdi.

  Bunu da qeyd edək ki, azərilər İranın cənubunda yaşayan fars tayfalarıdır. Burada Azəri adlı fars kəndi var ki, insanları özlərini azəri adlandırır və onların türklərlə heç bir əlaqəsi yoxdur.



Әlaqәli Xәbәrlәr